"Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərin məhkumluğu götürülüb.
Bu barədə “Qafqazinfo”ya vəkil Rəsul Cəfərov məlumat verib. O bildirib ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda Tərtər Hərbi Məhkəməsinin 2018-ci ildə çıxardığı hökm ləğv olunub. Qərara əsasən, 11 nəfər barəsindəki cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Gəncə Apellyasiya Məhkəməsi hesab edib ki, vaxtilə Tərtər Hərbi Məhkəməsi işə baxarkən ciddi prosessual pozuntulara yol verib. Buna görə də həmin şəxslərin işinə birinci instansiya kimi Gəncə Hərbi Məhkəməsində baxılacaq.
Xatırladaq ki, məhkum edilmiş şəxslər Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunublar. Onlara 10-20 il aralığında azadlıqdan məhrumetmə cəzası verilib.