Qarabağın bərpasında ən çox dəstək verən qardaş Türkiyədir - İlham Əliyev

İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir.

Bu, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda öz əksini tapıb.

“Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir.

Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”, - deyə dövlət başçısının məktubunda bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ