Deputat: Hazırda “Qasid” firmasının bir işçisi var, o da mənəm

Müstəqillik əldə etdiyimiz dövrdə “Qasid” tək firma idi. Mən bu quruma rəhbər gələndə ölkəmizdə 75 qəzet çap olunurdu. Ancaq birdən-birə bu say 350-yə qalxdı

Buta.media-nın məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımovun ONA-ya müsahibəsi zamanı deyib.

O bildirib ki, işçilərin hamısını ixtisara salıb:

"Bəzi qəzet sahibləri mənə deyirdi ki, mənim qəzetimi niyə satmırsan? Ancaq düşünmür ki, mən onun qəzetinin satılmasını ondan çox istəyirəm. Çünki qəzet satılan zaman firmaya da vəsait daxil olur. Ölkəmiz inkişaf etdikcə, yeni köşklər qoyulmağa başladı, rəqabətə davam gətirə bilmədik və müflis olduq. Hazırda “Qasid” firmasının Bakıda heç bir köşkü yoxdur. Firma fəaliyyətini dayandırıb, fəaliyyətimiz yoxdur.

İşçilərimizin hamısını ixtisara salmışıq. Hazırda firmanın bir işçisi var, o da mənəm. “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərinə borcumuz var. Onlar bir neçə dəfə məni məhkəməyə verib. Firmanın hesabına daxil olan vəsait məhkəmənin qərarı ilə həmin qəzetlərə yönləndirilir.

Qanuna əsasən, Milli Məclisin deputatları bizneslə, sahibkarlıq sahəsi ilə məşğul ola bilməz. Ona görə də mənim heç bir biznesim yoxdur. Mənim, sadəcə, 2 iş yerim var: Milli Məclis və “Qasid” firması".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ