“Diqlas”dakı zərəçəkənlərə pul ayrıldı

Prezident İlham Əliyev “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” sərəncam imzalayıb.

Buta.media-nın məlumatına görə, sərəncamla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Qeyd edək ki, İqtisadiyyat naziri Şahin Mustafayev bu gün sahibkarlarla görüşündən sonra onlara veriləcək yardım haqda ətraflı açıqlama verib.

Sahibkarlara ilkin maddi yardım veriləcək, güzəştli uzunmüddətli kreditlər təklif olunacaq. Bu kreditləri banklar 4 faiz, Sahibkarlığa Kömək Milli Fondu 1 faiz, ümumi 5 faizlə verir. Lakin bu hadisədə zərərçəkən sahibkarlar üçün biz 1 faiz faizdən imtina edirik. Bu da ölkə başçısının niyyətidir. Eyni zamanda, dünən və bu gün şəhərdə yerləşən müxtəlif ticarət mərkəzləri ilə görüş keçirilir. Onlarda boş olan yerlər yanğında zərərçəkən sahibkarlara təqdim olunacaq. İlkin 4-5 ay ərzində sahibkarlardan icarə haqqı alınmayacaq. Növbəti aylarda isə həmin şəxslər 20 faiz güzəştlə icarə haqqı ödəyəcəklər. Zərərçəkmiş sahibkarlara maddi yardım üçün prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə vəsait ayrılıb. Bu vəsaitdən istifadə edərək gələn həftədən sahibkarla ilkin maddi yardım ödəniləcək”. 

Nazir “Diqlas”ın taleyi barədə də suala cavab verib: “Diqlas” Ticarət Mərkəzi özəl müəssisədir. Bu məsələ dövlətin öhdəsində deyil. Bu, artıq “Diqlas”ın sahiblərinin mövqeyindən asılı olan məsələdir. Onlara da dövlət dəstəyi müzakirə oluna bilər. Lakin bu, bu gün həll olunan məsələ deyil.

Sahibkarla dəyən ziyanın müəyyən olunması üçün gömrük, vergi və digər qurumların məlumatından istifadə olunacaq”. 

İlkin məlumata görə, 170-yə yaxın mağazaya ziyan dəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ