Mənzil bazarında ciddi bahalaşma - SƏBƏBLƏR

Mənzil bazarında bahalaşma var. Növbəti ildə bu bahalaşma 20 faiz də ola bilər. Bahalaşmaya səbəb olan amillərdən biri də Rusiya və Ukrayna arasındakı gərginlikdir.

Bunu Sputnik.Az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, hazırda sökülməkdə olan binalarda mənzillərin qiyməti daha yüksəkdir:

“Həmin binalar yeniləri ilə əvəzlənəcək və mənzili alan yeni sahibləri üçün daha gəlirli olacaq. Məsələn, mənzil sahibinin evinin qiyməti hazırda 80 min manatdırsa, bina sökülüb yenisi tikildikdə kompensasiya olaraq şəxsə verilən mənzilin qiyməti 150 min manat dəyərində olacaq”.

E.Fərzəliyev bildirir ki, Azərbaycandan fərqli olaraq başqa ölkələrdə istismar müddəti bitən binalarda mənzillər daha ucuzdur. Hazırda bazarda daha çox kreditlə verilən və qiyməti 80-150 min manat təşkil edən mənzillərə tələbat yüksəkdir. Nağd alış qiyməti 200 min manat və daha çox olan binalara təlabat elə də çox deyil.

Mənzil tikintisinin səngidiyini vurğulayan ekspert, bunun səbəbini müştəri qıtlığının yaranması ilə izah edib.

Torpaqların bahalaşıb-bahalaşmamasına gəldikdə, E.Fərzəliyev deyir ki, ümumilikdə öncəki illərlə müqayisədə qiymətlərdə artım var. Yaxın zamanlarda bu qiymətlərin daha da artacağı proqnozlaşdırılır. Bakıda yeni tikinti işlərinin aparılması üçün torpaq sahələri yoxdur. Mövcud torpaq sahələri isə çox bahadır. 

Şirkətlər əsasən tikinti işlərini köhnə binaların ərazisində görürlər ki, bu da əslində onlara əlverişli deyil.

Ekspertin sözlərinə görə, turistik bölgələrdəki torpaqlardan fərqli olaraq, digər ərazilərdə ümumiyyətlə, torpaq, mənzil satışı mümkünsüzdür. Lakin Qəbələ kimi yerlərdə qiymətlər həddindən artıq şişirdilmiş səviyyədədir.

Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov bildirir ki, bəzi tikinti şirkətləri bir müddət öncə qiymətləri artırmışdılar. Qiymətdə artım etməyən tikinti şirkətləri də bu siyasətdən yararlandılar. Həmin şirkətlər 3-5 faizədək qiymətdə artım ediblər. Lakin buna heç bir lüzum yox idi. Çünki onsuz da bazarda alıcı aktivliyi müşahidə olunmur.

Qarşıdakı aylarda qiymətin artıb-artmayacağı isə daha çox Rusiyada olan azərbaycanlıların bura qayıdıb ev, mənzil sahibi olmaq arzusuna bağlıdır.

“Ola bilər ki, Rusiyada yaşayan azərbaycanlıların bir qismi qayıdıb burada əmlak sahibi olsunlar. Çünki Rusiya- Ukrayna arasında gərginliyin baş verdiyi vaxtda yerli mənzil bazarımıza Rusiyadan axın müşahidə edilib. Həmin müddətdə də qiymət artımı hiss olunub”, - deyə E.Azadov bildirib.

Bazardakı durğunluq və alıcılıq qabiliyyətinin zəif olmasının digər səbəbi həm də ilkin ödəniş şərtlərinin çətin olması və iqtisadi cəhətdən əlverişli olmayan vəziyyətlə əlaqədardır.

Elnur Azadovun sözlərinə görə, öncəki illərlə müqayisədə bağ evlərinin qiymətində 10 faizədək artım var. Bunun səbəbi isə bazardakı təkliflərin sayının artması ilə əlaqədardır.

Turistik məqsədlə kirayə verilən mənzillərə, bağ evlərinə gəlincə, E.Azadov deyib ki, qiymətlər yay aylarındakı vəziyyətdən asılı olacaq. Yəni, yayda tusitlərin xarici ölkələrə axını çox olarsa, bu zaman qiymət artımı müşahidə edilməyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ