Sosial şəbəkədə Azərbaycan Tibb Universitetində tələbələrə şort və maykada kitabxanaya girişin qadağan olunması ilə bağlı məlumat yayılıb.
Buta.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən elan təhsil müəssisəsinin kitabxanasının girişində asılıb. Elanda bu sözlər yazılıb:
“İctimai qaydalara uyğun olaraq əsaslı kitabxanaya qısa şalvarda (şortikdə), maykada gəlmək qəti qadağandır!”
Bu qadağa sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olub. Universitetdə təhsil alan tələbələr kitabxananın maddi-texniki bazasını yeniləmək əvəzinə, bu cür “yeniliklər” etməsini pisləyiblər.
Məsələ ilə bağlı ATU-nun mətbuat xidmətidən bildirilib ki, burada qeyri-adi hal yoxdur:
“Bu qayda tamamilə etikdir, cəmiyyətin qaydalarına bir dəvətdir. Cəmiyyətdə hətta ən adi ictimai yerlərdə geyim qaydalarına uyğun normativlər var. Bura da təhsil müəssisəsidir, daxili nizam-intizam qaydaları var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə də tələbələrin dərsə davamiyyəti kimi baxırıq.
Onu da qeyd edək ki, dünyanın ən demokratik hesab olunan dövlətlərində belə ictimai yerlərdə, iş yerlərində, o cümlədən təhsil müəssisələrində müəyyən dres-kodlar, geyim normativləri var. Belə bir misal var, bir insanın azadlığı, digərinin hüquqları başlayan yerə qədərdir. Yəni kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Bir tələbənin tərzinə digərinin etirazı ola bilər. Biz bir tələbə istədiyi kimi geyinsin deyə, digərlərini mövqeyini görməzdən gələ bilmərik”.
Elanla bağlı ilk məlumatı “Azərbaycan Universitetləri” səhifəsi yayıb.