13 yaşında ana olan Ülkəri 4 ildir uşağını görməyə qoymurlar - Video

Bakı sakini Ülkər Qulamova 13 il əvvəl 12 yaşı olarkən ərə verilib. 13 yaşında ana olan qız bir müddət sonra boşansa da, övladının ondan gizlədildiyini iddia edir.

xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Ü. Qulamovanın sözlərinə görə, onu Biləsuvar rayonunun Səmədabad kənd sakini Hüseynov Fərid Ələkbər oğlu aldadaraq qaçırıb. Hazırda 25 yaşı olan qadın 4 ildir ki, övladını görə bilmədiyini deyir:

“12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Ərə getmək istəmirdim, oxuyub həkim olmaq istəyirdim. Məni istəmişdilər, “hə” məclisi olmuşdu. Lakin anam yaşımın tamam olmasını istəmişdi.

Amma Fərid Hüseynov 4 aydan sonra məni paltar almaq adı ilə aldadıb qaçırdı. Biləsuvara gətirəndə valideynləri ona etiraz edərək dedilər ki, “haradan götürmüsənsə, apar yerinə qaytar”.

O isə razılaşmadı və dedi ki, gətirmişəm və aparmayacağam. Sonra oğlan toyu oldu. Toydan 4-5 ay sonra hamilə oldum. Sonra övladım 8 aylığında doğuldu. Xəstəxanada mənim yaşımı gizlədərək həkimlərə 1995-ci il təvəllüdlü olmağımı dedilər. Məni qayınatam da, qayınanam da, baldızım da döyüb... Hazırda 4 ildir ki, övladımı mənə göstərmirlər”.

Məsələ ilə bağlı “Qafqazinfo” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirdi ki, artıq Ü. Qulamova ilə əlaqə saxlanılıb: “Komitə faktı nəzarətdə saxlayır. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır. Ətraflı məlumat veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ